Azərbaycan və Çindən birgə gəmi layihəsi

235

Qazaxıstanın milli dəmir yolu operatoru “Qazaxıstan Temir Jolı”nın strukturuna daxil olan KTZ Express Shipping şirkəti “çay–dəniz” sinfinə aid altı universal gəminin tikintisi üzrə müqavilələr imzalayıb.

Layihə çərçivəsində dörd quru yük gəmisi Çinin “Jiangsu Haizhongzhou Shipping Industry” şirkəti, daha iki gəmi isə Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa olunacaq.

Müqavilələrin aprelin sonunda bağlandığı bildirilir. Yeni gəmilər Xəzər və Qara dəniz hövzələrində konteyner və ümumi yüklərin daşınması üçün nəzərdə tutulub.

Layihəyə əsasən, hər bir gəminin dedveyti 9,9 min ton, konteyner tutumu isə 537 TEU olacaq. Gəmilərin konstruksiyası həm dəniz, həm də çay naviqasiyasına uyğun hazırlanıb. Belə ki, suya oturumu dənizdə 5,56 metr, daxili su yollarında isə 3,6 metr təşkil edəcək.

Bakı Gəmiqayırma Zavodunda tikiləcək iki gəminin müqavilənin imzalanmasından sonra 28 ay ərzində təhvil verilməsi planlaşdırılır.

Yeni konteynerdaşıyan gəmilərin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda fəaliyyət göstərəcəyi və Qazaxıstanla Azərbaycan limanları arasında yükdaşımaların genişləndirilməsinə xidmət edəcəyi gözlənilir.