Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Leninqrad vilayətində yerləşən Ust-Luqa limanında Belçikadan gəlmiş qaz daşıyan gəmidə terror aktına cəhdin qarşısının alındığını bildirib.
FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumata görə, “Arrhenius” adlı qaz tankerində partlayıcı qurğular aşkar edilib. Əməliyyat İstintaq Komitəsi, Müdafiə Nazirliyi və Milli Qvardiya ilə birgə həyata keçirilib.
İstintaqın məlumatına əsasən, gəmi mayın 20-də Belçikadan yola düşərək Ust-Luqaya çatıb və oradan Türkiyənin Samsun limanına istiqamət almalı idi. Limanda aparılan sualtı baxış zamanı dəniz maqnit minaları tipli partlayıcı qurğular aşkarlanıb.
Mütəxəssislərin iddiasına görə, qurğular sənaye istehsalı olan vasitələrlə hazırlanıb və hər birində təxminən 7 kiloqram partlayıcı maddə olub. Rusiya tərəfi bu vasitələrin NATO ölkələrindən birində hazırlanmış ola biləcəyini ehtimal edir.
Gəmi kapitanının bildirdiyinə görə, Antverpen limanında yükləmə-boşaltma prosesi zamanı gəmi bir müddət gözləməyə məcbur olub və daha sonra Ust-Luqaya istiqamətləndirilib.
Hadisə ilə bağlı “terror aktına cəhd” və “partlayıcı qurğuların qanunsuz dövriyyəsi” maddələri üzrə cinayət işi açılıb, işdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.





