Dəniz naviqasiyasında yeni texnologiya

101

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Təhlükəsizliyi Komitəsi VHF texnologiyası əsasında fəaliyyət göstərən VDES məlumat mübadiləsi sistemini beynəlxalq tənzimləyici çərçivəyə daxil edib.

Yeni qaydaların 2028-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

VDES sistemi hazırda geniş istifadə olunan Avtomatik İdentifikasiya Sisteminə (AIS) alternativ kimi nəzərdə tutulub. Yeni texnologiya məlumatların daha sürətli, geniş həcmdə və təhlükəsiz ötürülməsinə imkan verir. Sistem həmçinin autentifikasiya funksiyası vasitəsilə gəmi izləmə məlumatlarının saxtalaşdırılması riskini azaltmağa kömək edir.

IMO-nun Dəniz Təhlükəsizliyi Komitəsinin 111-ci sessiyasında gəmi avadanlıqları üçün yenilənmiş VDES standartları və sistemin tətbiqinə dair təlimatlar da qəbul olunub. SOLAS Konvensiyasına edilən dəyişikliklərə əsasən, VDES-in AIS-ə alternativ olaraq könüllü istifadəsinə icazə veriləcək.

Komitə eyni zamanda Uzaq Məsafədən Gəmi İdentifikasiyası və İzləmə (LRIT) sistemi ilə bağlı yenilikləri də təsdiqləyib. Bildirilir ki, dəyişikliklər gəmi izləmə məlumatlarına çıxışı asanlaşdıracaq, təhlükəsizlik, axtarış-xilasetmə əməliyyatları və dəniz çirklənməsinə qarşı mübarizə imkanlarını genişləndirəcək.

Seanews.az