Mülki gəmiçiliyin təhlükəsizliyi gündəmdə

320

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa limanından hərəkət edən yük gəmisinin pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalmasına münasibət bildirib.

Türkiyə XİN-in yaydığı açıqlamada bildirilib ki, hadisə nəticəsində gəmi heyətinin iki Türkiyə vətəndaşı olan üzvü yaralanıb. Yaralıların vəziyyətinin Türkiyənin Odessadakı Baş Konsulluğu tərəfindən nəzarətdə saxlanıldığı qeyd olunub.

Nazirlik açıqlamada Qara dənizdə son dövrlərdə müşahidə olunan hərbi gərginliyin region üçün yaratdığı risk və təhdidlərdən narahatlığını ifadə edib.

“Son dövrlərdə Qara dənizdə müşahidə olunan müharibə ilə əlaqəli gərginliyin bölgəmiz üçün yaratdığı risk və təhdidlərlə bağlı narahatlığımız, eləcə də bunun ölkəmizə mümkün mənfi təsirləri barədə xəbərdarlıqlarımız məsələ ilə əlaqəli bütün tərəflərə bütün səviyyələrdə çatdırılır”, – deyə açıqlamada vurğulanıb.

Türkiyə XİN həmçinin müharibənin nəzarətsiz şəkildə genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinilməsi ilə bağlı çağırış edib.

Açıqlamada Qara dənizdə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinin vacibliyi qeyd olunaraq, münaqişənin danışıqlar yolu ilə həllinə dair çağırışların qüvvədə qaldığı bildirilib.

Nazirlik əlavə edib ki, gərginliyin azaldılması və sülh prosesinin sürətləndirilməsi məqsədilə regional və nəticəyönümlü təşəbbüslərin hazırlanmasına hazırdır.