Azərbaycanda yelkənli qayıq və digər su idman növlərinə maraq getdikcə artır, bu sahədə müasir infrastruktur formalaşır və reqatalar daha geniş auditoriyanı cəlb edir.
Bunu Azərbaycanın ilk qadın yaxta kapitanı, beynəlxalq reqataların iştirakçısı və məşqçi Tatyana Srebnaya bildirib.
Onun sözlərinə görə, ölkədə son illər su idman növlərinin inkişafı istiqamətində mühüm addımlar atılıb, üzgüçülük hovuzları, avarçəkmə mərkəzləri və yaxta klubları istifadəyə verilib. T. Srebnaya “Sea Breeze Marina” yaxta klubunun da bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.
Məşqçi bildirib ki, burada 8–16 yaşlı uşaqlar üçün yelkənli qayıq məktəbi, həmçinin dalğıc, sörfinq və kayak mərkəzləri fəaliyyətə başlayıb. Bu imkanlardan həm uşaqlar, həm də böyüklər yararlana biləcəklər.
T. Srebnayanın sözlərinə görə, yelkənli idman yalnız peşəkarlar üçün deyil, hər yaşda insanların məşğul ola biləcəyi maraqlı bir hobbi və aktiv istirahət növüdür.
O vurğulayıb ki, son illər həvəskarların da reqatalara marağı artıb. Yarışlar iştirakçılara həm idman həyəcanı, həm də dənizdə unikal təcrübə yaşamaq imkanı yaradır.
Qeyd edək ki, Tatyana Srebnaya uzun illərdir Azərbaycanı Xəzər, Qara və Baltik dənizi hövzələrində keçirilən müxtəlif beynəlxalq yarışlarda təmsil edib. Hazırda o, gənc idmançıların hazırlanması və ölkədə yelkənli idmanın inkişafı istiqamətində fəaliyyət göstərir.





