Dəniz kabellərinə təhlükə xəbərdarlığı

102

Avstraliyanın müdafiə naziri Riçard Marles dəniz və okeanlar üzərindən keçən sualtı rabitə kabel şəbəkələrinin strateji əhəmiyyət daşıdığını və bu infrastrukturun getdikcə daha çox təhdidlə üzləşdiyini bildirib.

Nazir qeyd edib ki, tarixdə ilk dəfə bu miqyasda və bu qədər tez-tez əsas sualtı kommunikasiya xətlərinə qarşı risklər müşahidə olunur. Onun sözlərinə görə, Avstraliya internet bağlantısını 15 kabel vasitəsilə təmin edir, bəzi Sakit okean ölkələri isə yalnız bir kabeldən asılıdır. Bu tip xətlərin sıradan çıxması həm böyük iqtisadi itkilərə, həm də uzunmüddətli rabitə fasilələrinə səbəb ola bilər.

Marles vurğulayıb ki, belə infrastrukturların bərpası çox baha başa gəlir və bir kabelin təmiri on milyonlarla dollara başa gələ bilər.

O, həmçinin Asiya-Sakit okean regionunda artan hərbiləşmə, süni adaların yaradılması və dəniz təhlükəsizliyi risklərinin yüksəlməsi kimi amillərə diqqət çəkib. Nazir əlavə edib ki, Hörmüz boğazı kimi strateji dəniz keçidlərində yaranan gərginliklər də qlobal iqtisadi təhlükəsizliyə birbaşa təsir göstərir.