Enerji şirkəti yeni rüsumlara qarşı

93

ABŞ-nin “Chevron” enerji korporasiyası İranın Hörmüz boğazından keçən xarici gəmilər üçün ödəniş tətbiqi tələblərini qəbul etmədiyini açıqlayıb.

Şirkətin rəhbəri Maykl Uirt “Bloomberg TV”yə bildirib ki, belə bir mexanizm beynəlxalq dənizçilik qaydalarına ziddir və “Chevron” bu mövzunu müzakirə etməyi planlaşdırmır. Onun sözlərinə görə, bölgədə tanker və tranzit gəmilərə qarşı insidentlərin artması narahatlıq yaratsa da, şirkətin mövqeyi dəyişməz qalır.

Hazırda “Chevron”un bir neçə gəmisi çarter müqavilələri əsasında fəaliyyət göstərir və Hörmüz boğazından keçidin təhlükəsizliyi ilə bağlı qərarlar əsasən gəmi sahiblərinin səlahiyyətindədir.

Eyni mövqe BƏƏ rəsmiləri tərəfindən də ifadə olunub və İran tərəfinə boğazdan sərbəst keçidin təmin edilməsi çağırışı edilib. Tehran isə öz növbəsində tranzit üçün rüsum tətbiqində israrlı olduğunu bildirir.

Bölgədə gərginliyin artması fonunda enerji bazarlarında qeyri-sabitlik müşahidə olunur.