Pekindən növbəti hərbi addım

168

Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində yerləşən və mübahisəli ərazi hesab olunan Skarboro rifi ətrafında dəniz və hava patrul əməliyyatları keçirib.

Çin ordusunun Cənub Komandanlığının yaydığı məlumata görə, dəniz və hava qüvvələri atolun ətrafındakı sularda və hava məkanında döyüş hazırlığı vəziyyətində patrul xidməti aparıb. Pekin bu fəaliyyəti bölgədəki təxribatlara və hüquq pozuntularına qarşı həyata keçirilən qanuni tədbir kimi qiymətləndirib.

Bununla yanaşı, Çin Sahil Mühafizəsi də son bir ay ərzində qanunsuz fəaliyyət göstərməkdə şübhəli bilinən gəmilərə qarşı tədbirlər gördüyünü açıqlayıb.

Patrul fəaliyyəti Sinqapurda keçirilən “Şanqri-La Dialoq” təhlükəsizlik forumu fonunda baş tutub. Forum çərçivəsində Filippinin müdafiə naziri Qilberto Teodoro bildirib ki, Manila həm ərazi, həm də siyasi baxımdan Çin tərəfindən ciddi təhdidlərlə üzləşir.

Qeyd edək ki, Skarboro rifi (Panakot və ya Huanyan adası) Cənubi Çin dənizində Çin və Filippin arasında ən mübahisəli ərazilərdən biridir. Çin bölgənin böyük hissəsinə iddia etsə də, 2016-cı ildə Haaqadakı Daimi Arbitraj Məhkəməsi Pekinin bu iddialarının beynəlxalq hüquqi əsasının olmadığını qərara alıb. Çin isə həmin qərarı tanımadığını bəyan edib.