Hind okeanında, Somali sahilləri yaxınlığında dəniz quldurları bir tankeri ələ keçiriblər.
Bu barədə Somalinin “Dalsan” telekanalı məlumat yayıb.
İlkin məlumata görə, hücum Somali piratları tərəfindən həyata keçirilib. Hadisə ölkənin şimal-şərqində yerləşən Puntland bölgəsi yaxınlığında qeydə alınıb. Tanker Berbera limanından paytaxt Moqadişudakı limana doğru hərəkət edirdi.
Hazırda gəminin adı, bayrağı və hansı ölkəyə məxsus olduğu barədə rəsmi məlumat açıqlanmayıb. Həmçinin ekipajın vəziyyəti və hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, son illərdə beynəlxalq dəniz qüvvələrinin fəaliyyəti nəticəsində Somali sahillərində piratçılıq halları əhəmiyyətli dərəcədə azalsa da, region hələ də dünya gəmiçiliyi üçün riskli ərazilərdən biri hesab olunur.





