Atlantikdə rus tankeri saxlanıldı

151

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında Rusiyadan gələn və beynəlxalq sanksiyalar siyahısına daxil edilmiş “Tagor” adlı neft tankerini saxlayıb.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, əməliyyat bazar ertəsi səhər saatlarında Atlantikdə beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilib. Onun sözlərinə görə, tanker Rusiyadan gələn və sanksiyalardan yayınmaqda şübhəli bilinən gəmilərdən biridir.

Makron qeyd edib ki, əməliyyat Fransa HDQ tərəfindən Böyük Britaniya və digər tərəfdaş ölkələrin dəstəyi ilə aparılıb. O vurğulayıb ki, bu addım həm dəniz təhlükəsizliyi, həm də ekoloji risklərin qarşısının alınması məqsədi daşıyır.

Fransa hökuməti son aylarda “gizli donanma” kimi tanınan və sanksiyalardan yayınmaq üçün istifadə edilən tankerlərə qarşı əməliyyatları gücləndirib. Rəsmi Paris bu çərçivədə saxta bayraqla üzən və yoxlamalara tabe olmayan gəmilərə qarşı daha sərt cəzaların tətbiqini planlaşdırır.

Məlumata görə, “Tagor” Murmansk limanından yola düşüb və saxlanıldıqdan sonra Bretan sahillərində nəzarət altında yoxlama nöqtəsinə müşayiət olunub. Gəmi hazırda texniki və hüquqi araşdırmadan keçirilir, materiallar isə Brest prokurorluğuna göndərilib.