Dənizlərə həsr olunmuş 70 il

80

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, təcrübəli dənizçi Kamil Muxtarov 70 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin, həmçinin Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları hazırda təqaüddə olan dənizçini evində ziyarət ediblər.

Görüş zamanı Kamil Muxtarovun dənizçilik sahəsindəki uzunillik fəaliyyəti, peşəkarlığı və gəmiçilik sənayesinin inkişafına verdiyi töhfələr qeyd olunub, ona möhkəm cansağlığı və xoş arzular çatdırılıb. Yubilyar göstərilən diqqət və qayğıya görə ASCO kollektivinə minnətdarlığını ifadə edib.

Kamil Muxtarov 1973-cü ildə Qafur Məmmədov adına Dənizçilik Məktəbinin “Gəmi sürücülüyü” ixtisasına qəbul olunub. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayaraq uzun illər müxtəlif gəmilərdə məsul vəzifələrdə çalışıb. O, xüsusilə “Sabit Orucov” və “General Əsədov” sərnişin gəmilərinin kapitanı kimi uğurlu fəaliyyəti ilə seçilib.

Səmərəli və nümunəvi fəaliyyətinə görə Kamil Muxtarov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2017-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə isə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Kamil Muxtarovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm sağlamlıq, uzun ömür və ailə səadəti arzulayırıq.

#ASCO #Dənizçilər #Yubiley #KamilMuxtarov