İllərin zəhməti, peşəkarlığın izləri

71

Ömür yolunu sakit, təmkinli, lakin dərin izlər buraxaraq keçən insanlardan biri də bu gün 60 illik yubileyini qeyd edən İlqar Fikrət oğlu Əmirxanovdur.

İlqar Əmirxanov 1966-cı il iyunun 1-də Bakı şəhərində anadan olub. Onun dəniz nəqliyyatı sahəsinə gəlişi sadə əmək fəaliyyətindən başlayıb. Orta təhsilini başa vurduqdan sonra 1983-cü ildə “Xəzər Dəniz Yolları Xidməti”ndə 2-ci dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlayıb.

İşin praktiki tərəfini dərindən mənimsəyən gənc İlqar 1984-cü ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. Qaldırıcı nəqliyyat, tikinti-yol maşınları və avadanlığı fakültəsini uğurla bitirərək əldə etdiyi nəzəri bilikləri praktiki fəaliyyətdə tətbiq edib və yüksək ixtisaslı mühəndis kimi formalaşıb.

Onun dənizçilik sahəsinə bağlılığı illər keçdikcə daha da güclənib. 2004-cü ildən etibarən İlqar Əmirxanov “Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu”nda mühəndis-konstruktor kimi fəaliyyətə başlayıb və qısa müddətdə dərin biliyi, peşəkarlığı və işə məsuliyyətli yanaşması ilə kollektivin rəğbətini qazanıb.

Zəhmətsevərliyinin nəticəsi olaraq o, 2017-ci ildə İnstitutun baş mühəndisi vəzifəsinə təyin edilib və səmərəli fəaliyyəti ilə ASCO-nun “Fəxri Fərman”ına layiq görülüb.

Hazırda İlqar Əmirxanov “ASCO Mühəndislik” MMC-nin baş mühəndisi olaraq dənizçilik sahəsinin inkişafına töhfə verməyə davam edir.

Yubilyarı bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq.

#ASCO Mühəndislik