Gəmiqayırmada rəqəmsal dönüş

71

Beynəlxalq təsnifat cəmiyyəti “ClassNK” gəmi layihələrinin təsdiqi prosesində 3D model əsaslı yanaşmaya keçidlə bağlı yeni təlimatlarını açıqlayıb.

Denizxeber.az “Seanews.az”-a istinadən bildirir ki, sənəddə layihələrin qiymətləndirilməsi və təsdiqi zamanı 3D modellərin əsas istinad bazası kimi istifadəsi, bu prosesin prinsipləri və standartlaşdırılmış texniki yanaşmalar ətraflı şəkildə izah olunur.

Yeni sistemin tətbiqini dəstəkləmək üçün “ClassNK” tərəfindən “NK-PASS” adlı rəsm təsdiqi idarəetmə platforması və “ClassNK 3Dviewer” proqramı da istifadəyə verilib. Bu rəqəmsal həllər OCX formatında hazırlanmış 3D modellərin təqdimatı, analizi və yoxlanılmasını tam elektron mühitdə həyata keçirməyə imkan yaradır.

Təlimatlarda həmçinin layihə dəyişikliklərinin idarə olunması, təqdim edilən texniki məlumatların strukturu, 3D modellərlə ənənəvi 2D çertyojlar arasındakı əlaqə və keçid dövründə onların paralel istifadəsi kimi məsələlər əhatə olunub.

“ClassNK” bu yanaşmanın effektivliyini qiymətləndirmək üçün Yaponiyanın 10 şirkəti ilə birgə pilot layihə həyata keçirib və əldə olunan nəticələr yeni təlimata daxil edilib.

Qurumun qiymətləndirməsinə görə, 3D əsaslı təsdiq sistemi gəmiqayırma zavodları, dizaynerlər, gəmi sahibləri və təsnifat cəmiyyətləri arasında daha vahid standartların formalaşmasına şərait yaradacaq, eyni zamanda layihə təsdiq prosesini daha sürətli və şəffaf edəcək.