Dəniz daşımalarında qaydalar sərtləşir

67

Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəniz yolu ilə daşınan təhlükəli və zərərli maddələrə dair 2010-cu il HNS Konvensiyası 29 noyabr 2027-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Denizxeber.az “Seanews.az”-a istinadən bildirir ki, konvensiya dəniz nəqliyyatı ilə daşınan 2 mindən çox təhlükəli və zərərli maddəni əhatə edir. Bunlara kimyəvi maddələr, turşular, gübrələr, spirtlər, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) kimi məhsullar daxildir.

Yeni qaydalara əsasən, gəmi sahibləri baş verə biləcək qəza və zərərlərə görə birbaşa məsuliyyət daşıyacaq və müvafiq sığorta təminatı təqdim etməli olacaqlar. Bununla yanaşı, əlavə kompensasiyaların ödənilməsi üçün HNS Fondu mexanizmi də fəaliyyət göstərəcək.

IMO-nun Baş katibi Arsenio Dominqez bildirib ki, bu konvensiya beynəlxalq dənizçilikdə məsuliyyət və kompensasiya sistemində mövcud boşluğu aradan qaldıraraq daha dayanıqlı hüquqi çərçivə yaradacaq.

Hazırda Belçika, Kanada, Danimarka, Estoniya, Fransa, Almaniya, Niderland, Norveç, Slovakiya, Cənubi Afrika, İsveç və Türkiyə daxil olmaqla 12 dövlət konvensiyaya qoşulub.