Bioyanacaqla işləyən gəmilər testdə

64

Yaponiyanın aparıcı gəmiçilik şirkəti “NYK Line” idarə etdiyi avtomobildaşıyan gəmidə 100 faiz bioyanacağın (B100) fasiləsiz istifadəsi üzrə birillik sınaq proqramına start verib.

Denizxeber.az “Seanews.az”-a istinadən bildirir ki, istifadə olunan bioyanacaq əsasən işlənmiş bitki yağlarından əldə edilən yağ turşularının metil efirləri (FAME) əsasında istehsal olunur.

Layihənin əsas məqsədi bioyanacağın gəmi mühərriklərinə və digər avadanlıqlara təsirini real istismar şəraitində qiymətləndirmək, həmçinin onun uzunmüddətli təhlükəsizliyini yoxlamaqdır.

Şirkət bundan əvvəl B24 və B30 kimi bioyanacaq qarışıqları ilə sınaqlar həyata keçirsə də, B100 bioyanacağının uzunmüddətli istifadəsi üzrə dünya praktikasının hələ məhdud olduğu qeyd edilir.

Sınaq müddətində mühərriklərin işləməsi, yanacaq sistemlərinin dayanıqlığı və ümumi əməliyyat prosesləri davamlı şəkildə monitorinq ediləcək. NYK Line hesab edir ki, əldə olunacaq nəticələr yüksək təmizlikli bioyanacaqların dəniz nəqliyyatında daha geniş tətbiqinə və ekoloji keçidin sürətlənməsinə töhfə verəcək.