Ölü dəniz sürətlə quruyur

79

Ölü dəniz — Yer kürəsinin ən aşağı nöqtəsi — son illərdə sürətlə kiçilməyə davam edir. Məlumata görə, su səviyyəsi ildə təxminən 120 santimetr azalır, nəticədə sahil xətti boyunca artıq 6000-dən çox çökəklik əmələ gəlib.

Denizxeber.az, xarici mediaya istinadla bildirir ki, mütəxəssislər bu çökəkliklərin yaranmasını dəniz səviyyəsinin geri çəkilməsi ilə izah edirlər. Su çəkildikcə yeraltı şirin sular duz qatlarını əridir və bu proses nəticəsində qəfil torpaq çökmələri baş verir. Bəzi çökəkliklərin dərinliyi 24 metrə qədər çatır.

Nəticədə regionda kənd təsərrüfatı sahələri, yollar və turizm infrastrukturu ciddi zərər görüb. Ən çox təsirlənən ərazilərdən biri isə dənizin qərb sahilində yerləşən Eyn-Qedi kurortudur. Artan risk səbəbindən ərazinin bir hissəsi turistlər üçün bağlanıb, bəzi obyektlər isə artıq tərk edilib.

Mütəxəssislər Ölü dənizin kiçilməsinin əsas səbəbləri kimi iqlim dəyişikliyi, buxarlanmanın artması, sənaye məqsədli mineral hasilatı və İordan çayından su axınının azalmasını göstərirlər. Son 50 ildə dənizin səviyyəsinin təxminən 45 metr aşağı düşdüyü bildirilir.

İsrail və İordaniya tərəfi su itkisini azaltmaq üçün birgə layihələri nəzərdən keçirsə də, yüksək xərclər və siyasi çətinliklər onların reallaşdırılmasını ləngidir.

Ekoloqlar isə xəbərdarlıq edirlər ki, proses bu şəkildə davam edərsə, Ölü dənizin unikal ekosistemi və regionun iqtisadi fəaliyyəti ciddi təhlükə altına düşə bilər.