Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
Denizxeber.az “Azərtaca”-a istinadən bildirir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbir iştirakçı ölkələrin təntənəli paradı ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov layihənin artıq altıncı dəfə keçirildiyini xatırladaraq, yarışa marağın hər il daha da artdığını vurğulayıb. Nazir bildirib ki, layihə indiyədək iki dəfə yerli, dörd dəfə isə beynəlxalq formatda təşkil olunub.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev isə ölkədə üzgüçülük idman növünün inkişaf etdiyini qeyd edib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Türk dövlətləri arasında idman əlaqələrinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və gənclərin idmana marağının artırılması məqsədi daşıyan layihənin final mərhələsi iyunun 5-də başa çatacaq. Bu cür tədbirlər iştirakçı ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verir.









