“Aderco”nun təqdim etdiyi “2055G+” proqramı dənizçilik sektorunda yanacaq səmərəliliyi ilə emissiya azaldılması və karbon bazar mexanizmlərinin birləşdirilməsinə yönəlmiş inteqrasiya olunmuş yanaşma kimi qiymətləndirilir.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, Proqramın əsas məqsədi gəmi sahibləri, menecerlər və çarter operatorları üçün yalnız yanacaq sərfiyyatını azaltmaq deyil, eyni zamanda bu azalmaları ölçülə bilən və sertifikatlaşdırılmış karbon kreditlərinə çevirməkdir. Bu model ənənəvi əməliyyat səmərəliliyini maliyyə və ekoloji dəyərə bağlayan “vahid sistem” prinsipi üzərində qurulub.
Məlumata görə, proqram 2055G yanacaq emalı texnologiyası ilə emissiyaların monitorinqi, hesabatlandırma və karbon kreditlərinin yaradılması sistemlərini birləşdirir. Hazırda 100-dən çox gəminin iştirak etdiyi layihədə yanacaq qənaəti orta hesabla 2–5% arasında dəyişir.
Qeyd edilən pilot nəticələrə əsasən:
- ABS tərəfindən təsdiqlənmiş bir reefer gəmisində 4,84% yanacaq qənaəti,
- RINA tərəfindən yoxlanılmış bir capesize quru yük gəmisində isə 3,25% azalma qeydə alınıb.
Şirkət bildirir ki, bu nəticələr beynəlxalq təsnifat cəmiyyətləri tərəfindən təsdiqlənmiş metodologiyalarla ölçülür və emissiya azalmaları Gold Standard prinsiplərinə uyğun şəkildə karbon kreditlərinə çevrilir. “Adi Terra” ilə əməkdaşlıq çərçivəsində hər azaldılmış CO₂ tonu bazarda satıla bilən ekoloji aktiv kimi rəsmiləşdirilir.
Sektor ekspertlərinin fikrincə, belə proqramlar dənizçilikdə dekarbonizasiya prosesini yalnız texniki deyil, həm də iqtisadi modelə çevirir. Bu isə gəmi operatorları üçün emissiya azaltma öhdəliklərini əlavə xərc deyil, potensial gəlir mənbəyinə çevirmək imkanı yaradır.





