Keçid rüsumlarına dair yeni açıqlama

91

İranın Hörmüz boğazı ilə bağlı səsləndirdiyi yeni yanaşma dəniz hüququ və beynəlxalq logistika baxımından diqqət çəkən mövzulardan biridir. Xarici işlər nazirinin müavini Kazım Qəribabadinin açıqlamasına görə, Tehran tranzit rüsumu və ya keçid vergisi tətbiq etmək niyyətində deyil, lakin boğazda göstərilən xidmətlər qarşılığında ödəniş alınmasını planlaşdırır.

Denizxeber.az bildirir ki, bu xidmətlərə naviqasiya dəstəyi, axtarış-xilasetmə əməliyyatları, dəniz təhlükəsizliyi tədbirləri və mümkün ekoloji çirklənmənin aradan qaldırılması kimi sahələr daxildir. İran tərəfi bunu klassik “keçid haqqı” deyil, “xidmət haqqı” modeli kimi təqdim edir.

Qəribabadi qeyd edib ki, bu yanaşma 1982-ci il BMT Dəniz Hüququ Konvensiyası ilə ziddiyyət təşkil etmir və sahilyanı dövlətlərin müəyyən xidmətlərə görə ödəniş tələb etməsinə hüquqi imkanlar verir.

Eyni zamanda o bildirib ki, İranın ABŞ ilə danışıqları davam edir və razılaşmanın yekun mətni hələ formalaşmayıb. Tehran sənədin yalnız ölkənin maraqlarına tam uyğun olduğu halda qəbul ediləcəyini vurğulayır. Açıqlamaya görə, İran həmçinin mümkün razılaşma çərçivəsində dondurulmuş aktivlərinin bir hissəsinin dərhal azad olunmasını tələb edir.

Bu cür modelin praktik tətbiqi beynəlxalq ticarətin ən həssas dəniz marşrutlarından biri olan Hörmüz boğazında logistika xərclərinə və siyasi balanslara təsir göstərə biləcək potensiala malikdir.