ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti (CBP) Haitidən gəldiyi ehtimal olunan və göyərtəsində 240 qanunsuz miqrant olan qayığı saxlayıb.
Denizxeber.az bildirir ki, bu barədə CBP komissarı Rodney Skot məlumat verib.
Onun sözlərinə görə, hava patrulu əməkdaşları ABŞ ərazi sularına doğru hərəkət edən, əsasən Haiti vətəndaşlarından ibarət 240 nəfəri daşıyan həddindən artıq yüklənmiş qayığı aşkarlayıblar. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan qayığın batmaq riski daşıdığı bildirilib.
Rodney Skot qeyd edib ki, dəniz yolu ilə qeyri-qanuni miqrasiya cəhdləri insanların həyatı üçün ciddi təhlükə yaradır və ABŞ-yə daxil olmaq üçün heç bir zəmanət vermir.
ABŞ rəsmilərinin məlumatına görə, ölkə qanunsuz miqrasiyaya qarşı nəzarət tədbirlərini gücləndirməkdə davam edir. Daha əvvəl ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) 2025-ci ilin yanvar ayından etibarən 900 mindən çox qanunsuz miqrantın deportasiya edildiyini açıqlamışdı.
Hadisə Karib hövzəsində davam edən miqrasiya təzyiqinin və dəniz marşrutları ilə ABŞ-yə çatmağa çalışan insanların sayının artmasının növbəti nümunəsi kimi qiymətləndirilir.





