Yaralanan azərbaycanlılar danışdı – VİDEO

119

Azov dənizində dron hücumu zamanı xəsarət alan Azərbaycan vətəndaşları hazırda tibbi nəzarət altındadır.

Denizxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı yaralanan bosman Rəşad Mədətxanov vəziyyətinin stabil olduğunu bildirib:

“Hazırda vəziyyətim yaxşıdır. Ailəmə demək istəyirəm ki, hər şey qaydasındadır”.

Digər yaralı dənizçi Samid İbadlı isə göstərilən tibbi xidmətin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

“Bizə yaxşı xidmət edirlər. Burada yaşayan azərbaycanlılar da bizə baş çəkirlər”.

Emin Valehov da səhhətinin qənaətbəxş olduğunu vurğulayıb:

“Həmvətənlərimiz bizi tək qoymur, maraqlanır, baş çəkirlər. Göstərilən xidmət də yaxşıdır”.

Digər yaralı Namiq Cəfərli isə onlara göstərilən diqqətə görə Azərbaycan dövlətinə, səfirliyə və diaspor nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edək ki, iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu iki yük gəmisinin dron hücumuna məruz qalması nəticəsində ölən və yaralananlar olub. Yaralı dənizçilər hazırda müalicə olunur.