İsveç məhkəməsi “Caffa” yük gəmisinin müsadirə edilərək Ukraynaya təhvil verilməsinə icazə verib.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, Ukrayna tərəfi gəmini Krım limanlarından taxıl daşımaqda və fəaliyyətini gizlətmək üçün saxta qeydiyyatdan istifadə etməkdə ittiham edir.
İsveç Sahil Mühafizəsi mart ayında gəmini saxta Qvineya bayrağı altında üzməkdə şübhəli bilərək saxlayıb və Trelleborq limanına yönləndirib.
1997-ci ildə inşa edilmiş gəmi hazırda Seyşel adalarında qeydiyyatdan keçmiş şirkətə məxsus olsa da, əvvəllər rusiyalı sahiblərin nəzarətində olub. Gəminin kapitanı saxta sənədlər təqdim etmək ittihamı ilə həbs edilsə də, sonradan sərbəst buraxılıb. Ekipaj üzvlərinə qarşı isə hər hansı ittiham irəli sürülməyib.
“Caffa” hazırda İsveçin Trelleborq limanında saxlanılır. Ukrayna bundan əvvəl də oxşar ittihamlarla bəzi gəmiləri müsadirə edərək satışından əldə olunan vəsaiti dövlət büdcəsinə yönləndirib.





