Aralıq dənizində faciə

66

İtaliya xilasetmə xidmətləri Malta sahilləri yaxınlığında miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində azı 10 nəfərin meyitini sudan çıxarıb.

Denizxeber.az bildirir ki, bu barədə İtaliya Sahil Mühafizəsi açıqlama yayıb. Bildirilib ki, qayıq Liviya sahillərindən yola düşüb və göyərtəsində təxminən 60 nəfər olub. Hadisə Maltanın cənub-şərqindən təxminən 45 dəniz mili məsafədə qeydə alınıb.

Məlumata əsasən, hadisə yerinə yaxın olan balıqçı qayığı 48 nəfəri xilas etməyə müvəffəq olub. Qalan şəxslərin taleyi ilə bağlı araşdırmalar davam etdirilir.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, 2026-cı ilin əvvəlindən Aralıq dənizinin mərkəzi marşrutunda ən azı 827 miqrant həlak olub və ya itkin düşüb. Ötən il isə bu marşrut üzrə ölüm və itkin düşmə halları 1330 nəfəri ötüb.

Qeyd edək ki, İtaliya hökuməti bu ilin fevral ayında qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə “fövqəladə təzyiq” dövrlərində miqrant qayıqlarına qarşı dəniz blokadasının tətbiqinə imkan verən qanun layihəsini təsdiqləyib. Yeni qaydalara əsasən, ictimai asayiş və milli təhlükəsizlik üçün ciddi təhdid hesab edilən miqrant gəmilərinin İtaliya ərazi sularına daxil olması 30 günədək məhdudlaşdırıla bilər.

Sənəd ölkədə sol-mərkəzçi müxalifət tərəfindən tənqidlə qarşılanıb.