Fövqəladə hallarda insanların həyatını xilas etmək üçün su altında və suüstü şəraitdə xüsusi əməliyyatlar həyata keçirən xilasedicilər və dalğıclar yüksək peşəkarlıq və hazırlıq tələb edən fəaliyyətlə məşğul olurlar.
Denizxeber.az Baku TV-nin hazırladığı reportaja istinadən qeyd edir ki, dalğıcların işi suya enməzdən xeyli əvvəl başlayır. Xüsusi qoruyucu geyimlər, təhlükəsizlik avadanlıqları və çəkisi təxminən 15 kiloqram olan oksigen balonları onların əsas təchizatını təşkil edir.
Üç ildir dalğıc kimi çalışan Taryel Süleymanov peşəsini böyük həvəslə icra etdiyini bildirib:
“Üç ildir ki, bu peşə ilə məşğulam. İşimi çox sevirəm. Həyəcanlı və riskli olsa da, mənim üçün çox gözəldir. Peşəmlə fəxr edirəm. Hər gün insanların həyatını xilas etmək üçün çalışırıq”.
Onun sözlərinə görə, bu sahəyə marağı hələ uşaqlıq illərində yaranıb:
“Atamın fəaliyyətini görərək məndə də bu peşəyə böyük həvəs formalaşıb”.
Dalğıc qeyd edib ki, hazırda onların 20 metr dərinliyə qədər enmək icazəsi var. Təhlükəsizlik qaydalarına əsasən, sahildən açıq dənizə doğru müəyyən edilmiş sərhədlərdən kənara çıxmağa icazə verilmir.
Dalğıcların fəaliyyəti axtarış-xilasetmə əməliyyatlarında mühüm rol oynayır və onların peşəkarlığı bir çox hallarda insan həyatının xilas edilməsində həlledici əhəmiyyət daşıyır.




