Namizədlərlə müsahibələr yekunlaşdı

125

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyası Tələbə Gənclər Təşkilatının (TGT) sədr seçkiləri çərçivəsində namizədlərlə müsahibə mərhələsi baş tutub.

Denizxeber.az bildirir ki, iyunun 3-də keçirilən müsahibələr zamanı ATGTİ-nin səlahiyyətli nümayəndəsi Bəxtiyar Quluzadə tərəfindən namizədlərin liderlik keyfiyyətləri, təşkilatçılıq və idarəetmə bacarıqları, dünyagörüşü, eləcə də TGT-nin gələcək fəaliyyəti ilə bağlı baxışları qiymətləndirilib. Həmçinin tələbələrin sosial fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili və yeni layihələrin həyata keçirilməsinə dair təkliflər dinlənilib.

Sənəd qəbulu mərhələsini uğurla tamamlayan Hüseyn Camallı, Mirzə Həsənli, Tarif Kərimli, Möhsün Abbasov və Elşən Şirəliyev müsahibədə iştirak ediblər.

Qiymətləndirmənin nəticələrinə əsasən Hüseyn Camallı, Möhsün Abbasov və Elşən Şirəliyev seçkilərin növbəti mərhələsinə vəsiqə qazanıblar.

Səsvermə və namizədlərin seçki platformalarının təqdimatı ilə bağlı ətraflı məlumatın yaxın günlərdə Akademiyanın rəsmi informasiya resurslarında açıqlanacağı bildirilib.