Su polisi reyd keçirdi

171

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarına qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri həyata keçiriblər.

Denizxeber.az bildirir ki, Qəbələ və Lənkəran rayonlarında keçirilən son yoxlamalar zamanı çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb.

Müəyyən olunub ki, bəzi ərazilərdə müvafiq icazələr olmadan qazıntı işləri aparılıb, su mühafizə zonalarında müxtəlif təyinatlı tikililər inşa edilib, həmçinin çayların təbii axınına və ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlərə yol verilib.

Aşkarlanmış faktlarla bağlı toplanmış materiallar üzrə qanunvericiliyə uyğun hüquqi tədbirlərin görülməsi istiqamətində iş aparılır. Araşdırmalar davam etdirilir.