Liman nəzarətində kəskin artım

67

Yeni hesabat göstərir ki, son beş ildə liman dövlət nəzarəti (PSC) çərçivəsində gəmi saxlamalarının sayı təxminən 70 faiz artıb, baxmayaraq ki, yoxlamaların ümumi sayı sabit qalıb.

Denizxeber.az bildirir ki, məlumatlar “Survitec” şirkətinin “Posidonia” tədbiri çərçivəsində yayımladığı yeni araşdırmaya əsaslanır. Hesabata görə, yoxlamaların yalnız təxminən yarısı heç bir nöqsan aşkarlanmadan başa çatır və hər yeddi ticarət gəmisindən biri növbəti üç il ərzində ən azı bir dəfə saxlanma riski ilə üzləşə bilər.

Araşdırma göstərir ki, qlobal yoxlamaların illik sayı 2023-cü ildən bəri təxminən 75 min səviyyəsində sabit qalıb. Lakin “Tokyo MoU” üzrə saxlanma halları 2021–2025-ci illər ərzində 526-dan 1 255-ə yüksəlib. “Paris MoU” üzrə göstərici təxminən 4 faiz səviyyəsində qalır, “Qara dəniz MoU” isə ötən il 6,8 faizlə ən yüksək göstəricini qeydə alıb.

Hesabata görə, gəminin yaşı saxlanma riskini müəyyən edən əsas amildir: 15 ildən sonra risk kəskin artır, 20 ildən sonra isə daha da yüksəlir. Qlobal donanmada köhnə gəmilərin payının artması da ümumi defekt və insident sayını çoxaldır.

Ən çox aşkar olunan nöqsanlar əsasən ISM (Beynəlxalq Təhlükəsizlik İdarəetmə) kodu, yanğın təhlükəsizliyi və xilasedici avadanlıqlarla bağlı problemlərdir. “Survitec” bildirir ki, detensiyaların əksəriyyəti qəfil texniki nasazlıqdan yox, sistemli baxım və təlim çatışmazlığından qaynaqlanır.

Şirkət gəmi sahiblərinə üçüncü tərəf yoxlama xidmətlərinə investisiya yatırmağı tövsiyə edir. Eyni zamanda, xilasedici qayıqların bəzi komponentlərinin dəyişdirilməsi ilə bağlı mövcud tənzimləmələrdə boşluq olduğu qeyd olunur və bu hissələrin daha tez-tez yoxlanması və ya dəyişdirilməsi məsləhət görülür.