İrana gedən tanker sıradan çıxarıldı

91

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İran limanına doğru hərəkət etdiyi bildirilən “M/T Marivex” tankerinin zərərsizləşdirildiyini açıqlayıb.

Denizxeber.az bildirir ki, Palau bayrağı altında üzən tanker iyunun 8-də ABŞ hərbi qüvvələrinin əməliyyatı nəticəsində dayandırılıb. CENTCOM-un məlumatına görə, gəmi qüvvədə olan blokadanı pozaraq İran limanına daxil olmağa cəhd göstərib.

Bildirilib ki, “USS Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxan “F/A-18 Super Hornet” qırıcısı ABŞ hərbi qüvvələrinin göstərişlərinə tabe olmayan tankerin mühərrik və idarəetmə bölmələrinə dəqiq idarə olunan sursatla zərbə endirib. Nəticədə gəmi hərəkət qabiliyyətini itirib və İran istiqamətində irəliləyişini dayandırıb.

CENTCOM-un açıqlamasında qeyd olunur ki, aprelin 13-dən bəri blokadanı pozmağa çalışan 7 gəmi zərərsizləşdirilib, 134 gəmi marşrutunu dəyişməyə məcbur edilib, humanitar yardım daşıyan 42 gəminin isə keçidinə icazə verilib.

Hadisə bölgədə artan gərginlik fonunda beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.