Xəzər dənizi sürətlə kiçilir: alimlər təhlükə siqnalı verir

135

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində suyun səviyyəsinin azalması artıq müvəqqəti proses deyil, uzunmüddətli və davamlı tendensiyaya çevrilib. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, qarşıdakı onilliklərdə Xəzər akvatoriyasının əhəmiyyətli hissəsi yox ola bilər.

Denizxeber.az bildirir ki, mütəxəssislərin fikrincə, problemin əsas səbəbləri Volqa çayından daxil olan suyun azalması, çay hövzəsində minlərlə bəndin tikilməsi, kənd təsərrüfatı və sənaye məqsədləri üçün intensiv su istifadəsi, eləcə də qlobal istiləşmə nəticəsində buxarlanmanın artmasıdır. Hesablamalara görə, insan fəaliyyəti Xəzərin səviyyəsini təbii şəraitdə olacağından təxminən 1,5 metr aşağı salıb.

Tarixi müşahidələr göstərir ki, Xəzərin səviyyəsi son yüz ildə bir neçə dəfə dəyişib. 1900–1977-ci illərdə dəniz 3,5 metr dayazlaşıb, 1978–1995-ci illərdə 2,5 metr yüksəlib, 1996–2015-ci illərdə isə yenidən 1,5 metr azalıb. Alimlər bildirirlər ki, xüsusilə 2006-cı ildən sonra geriləmə prosesi sürətlənib və əvvəlki dövrlərdən fərqli olaraq səviyyənin yenidən yüksələcəyinə dair əlamətlər görünmür.

İqlim modellərinə əsasən, əsrin sonuna qədər Xəzərin səviyyəsi orta ssenaridə 8 metr, mənfi ssenaridə isə 14 metrədək enə bilər. Bu isə həm ekoloji, həm də iqtisadi baxımdan ciddi nəticələr vəd edir.

Artıq dənizin şimal hissəsində dayazlaşma sürətlənib, bataqlıq və su-bataqlıq ekosistemləri təhlükə altına düşüb. Dünya nərə balığı ehtiyatlarının böyük hissəsi kürüləmə sahələrinə çıxış imkanlarını itirir. Nadir Xəzər suitisi və 100-dən çox quş növünün yaşayış mühiti də risk altındadır.

Dəniz səviyyəsinin azalması iqtisadi sahələrə də təsirsiz ötüşmür. Limanlar, gəmiçilik, balıqçılıq və turizm sektoru yeni şəraitə uyğunlaşmaq məcburiyyətində qalır. Ekspertlərin qiymətləndirməsinə görə, liman infrastrukturunun yenidən qurulması Xəzəryanı ölkələrə yüz milyonlarla dollara başa gələ bilər.

UNEP vəziyyətlə bağlı Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanı birgə fəaliyyətə çağırır. Təşkilat elmi tədqiqatların əlaqələndirilməsi, vahid proqnozlaşdırma modellərinin hazırlanması, risklərin qiymətləndirilməsi və Tehran Konvensiyası çərçivəsində uyğunlaşma tədbirlərinin gücləndirilməsini tövsiyə edir.

Mütəxəssislər vurğulayırlar ki, Xəzərin gələcəyi iqlim dəyişikliklərinə qarşı mübarizə, su ehtiyatlarının səmərəli idarə olunması və region ölkələrinin koordinasiyalı fəaliyyətindən asılı olacaq.