Müəllimindən tələbəsi haqqında duyğusal sözlər – VİDEO

409

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olan dörd Azərbaycan vətəndaşının nəşi Vətənə gətirilib. Həlak olan dənizçilər arasında Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunu Fuad Orucov da var.

Denizxeber.az bildirir ki, Dövlət Dəniz Liman Agentliyinin sədrinin müşaviri Habil Abbasov vaxtilə tələbəsi olmuş Fuad Orucovun xatirəsini ehtiramla yad edib. O, Fuadın tələbəlik illərindən seçilən, məsuliyyətli, zəhmətkeş və peşəsinə bağlı bir gənc olduğunu bildirib.

Habil Abbasov qeyd edib ki, Fuad Orucov dənizçiliyi ürəkdən sevən, daim öz üzərində çalışan və gələcəyinə böyük ümidlər bəslənilən məzunlardan biri idi. Onun vaxtsız itkisi həm ailəsi, həm yaxınları, həm də dənizçilik ictimaiyyəti üçün böyük faciədir.

Qeyd edək ki, iyunun 5-də Azov dənizində iki yük gəmisinə edilən dron hücumu nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, bir neçə nəfər isə yaralanıb. Həlak olan dənizçilərin nəşləri Azərbaycana gətirilərək ailələrinə təhvil verilib.

Allah Fuad Orucova və digər həlak olan dənizçilərimizə rəhmət eləsin, ailələrinə və yaxınlarına səbir versin.