Təhlükəsizlik məqsədilə Fars körfəzinə daxil olan və ya oradan çıxan ticarət gəmilərinə Hörmüz boğazından keçərkən Oman sahillərinə daha yaxın olan cənub marşrutundan istifadə etmək tövsiyə olunur.
Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə tabe olan idarənin məlumatında qeyd olunub ki, Vaşinqton və Tehran arasında memorandumun imzalanması elan edildikdən sonra Hörmüz boğazından keçən gəmilər üçün təhlükə səviyyəsi “mülayim” dərəcəyə ensə də, boğazın beynəlxalq farvaterində hələ də minalar ola bilər.
Bundan əlavə, mövcud riskləri minimuma endirmək üçün ticarət gəmilərinə müəyyən edilmiş təhlükəsizlik prosedurlarına ciddi riayət etmək, həmçinin hərəkət addımlarını ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Hərbi Dəniz Qüvvələri (NAVCENT) ilə koordinasiya etmək təklif olunur.





