Livanda atəşkəs əldə olunmayana və İran neftinin satışına qoyulan məhdudiyyətlər aradan qaldırılmayana qədər rəsmi Tehran Hörmüz boğazını açmayacaq.
Denizxeber.az bildirir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi etibarlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin bildirdiyinə görə, strateji su yolunun yenidən naviqasiyaya açılması üçün Tehranın mütləq şərtləri aşağıdakılardır:
- İranın xaricdə dondurulmuş bütün maliyyə aktivlərinin blokdan çıxarılması;
- Livan da daxil olmaqla, regiondakı bütün cəbhələrdə hərbi əməliyyatların tamamilə dayandırılması;
- Ölkəyə qarşı tətbiq edilən blokadanın qaldırılması və neft satışına rəsmi icazələrin verilməsi.
Agentliyin həmsöhbəti əlavə edib ki, yalnız dəniz blokadasının ləğv edilməsi sözügedən akvatoriyanın açılması üçün kifayət edən şərt deyil.
Qeyd edək ki, iyunun 20-də İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahı bəyanat yayaraq, İsrailin ABŞ ilə bağlanmış memorandumu pozması və Livana qarşı təcavüzünü davam etdirməsi səbəbindən Tehranın Hörmüz boğazını bağladığını elan etmişdi.





