Antarktida buzlaqları altındakı təkanlar və maqmatik proseslər

155

ABŞ və İspaniyadan olan alimlər dərin öyrənmə alqoritmlərindən istifadə edərək Şərqi Antarktidadakı Devid buzlağının altında, yerin 100–150 kilometr dərinliyində 510 zəlzələ aşkarlayıblar. Bu bölgədə seysmik aktivlik indiyə qədər demək olar ki, qeyri-mümkün hesab edilirdi, çünki ərazi tektonik plitələrin sərhədlərindən uzaqda yerləşir.

Denizxeber.az bildirir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Məlumatlar regiondakı 49 seysmik stansiyadan toplanıb. Süni intellekt əsaslı alqoritm dalğaları bir-birindən fərqləndirərək zəlzələ ocaqlarının yerini dəqiq müəyyən etməyə imkan verib. Qeydə alınan yeraltı təkanların maqnitudası 1,6 ilə 3,5 arasında olub.

Tədqiqatçılar bildirirlər ki, orta dərinliklərdə baş verən plitədaxili zəlzələləri izah etmək xüsusilə çətindir, çünki yuxarı mantiyada yüksək temperatur və təzyiq şəraiti kövrək dağıntıların yaranmasına imkan vermir.

Hadisənin geoloji xüsusiyyətlərlə bağlı olduğu ehtimal edilir. Şərqi Antarktidanın qalın və soyuq plitəsi ilə Qərbi Antarktidanın nazik və isti plitəsi arasındakı sərhəd gərginliyin toplanmasına səbəb olur. Aşağıdan isti mantiyanın, yuxarıdan isə ağır buzlağın yaratdığı təzyiqlə birlikdə bu amil böyük dərinliklərdə çatların əmələ gəlməsinə gətirib çıxarır.

Bununla belə, oxşar şərait Transantarktika dağlarının digər hissələri boyunca mövcud olsa da, 510 təkanın hamısının məhz Devid buzlağının altında cəmləşməsi hələ də müəmmalı qalır. Müəlliflər hesab edirlər ki, buna əlavə yerli amillər də təsir edə bilər.