AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi həyata keçirilən əsaslı təmir işlərindən sonra yenidən istismara qaytarılıb.
Denizxeber.az bildirir ki, Bakı Gəmiqayırma Zavodunun üzən tərsanəsində yerinə yetirilən təmir çərçivəsində gəminin sualtı və suüstü gövdə hissələri tamamilə təmizlənərək rənglənib, gövdənin zədələnmiş polad təbəqələri yenilənib. Eyni zamanda, kinqstonlar və gövdə armaturları yoxlanılıb, maşın şöbəsində, yaşayış blokunda və göyərtədə yerləşən kompressorlar, kran-balkalar, hava başlıqları kimi mexanizmlərdə cari təmir işləri aparılıb.
ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda icra olunan işlər çərçivəsində isə sifarişçinin tələblərinə uyğun olaraq, “RAMEHA-860” tipli suqızdırıcı qazanın odluğunun şamot izolyasiyası yenilənib, fırtına trapları sınaqdan keçirilərək sertifikatlaşdırılıb. Buyların yan flyansları düzəldilib, buraz keçən flyanslar açılaraq yağlanıb və yerinə quraşdırılıb.
Bundan əlavə, gəmidə aşağıdakı infrastruktur və mexaniki yenilənmələr aparılıb:
- 3 və 4 nömrəli lövbər diyircəklərinin alt qoruyucu metal təbəqələri, arxa hissədə buraz keçən diyircək, yükaltı hərəkət edən diyircəklər təmir olunub.
- Borudüzmə konveyerinin alt dayaqları və baş mühərriklərin mexaniki qoruyucu örtükləri bərpa edilib.
- Arxa hissədə yerləşən 40 tonluq iki tumbalı knext hazırlanaraq yenisi ilə əvəzlənib.
- Yağ-yanacaq borularının alt hissəsindəki vanna yenilənib.
- Gəminin arxa hissəsində yerləşən keçid platformalarının dayaqları və meydançanın dayaq sütunları bərpa edilib, burun hissəsindəki platformalarda çıxarıla bilən leyer çəpərləri təmir olunub.
- Hər iki bortun orta hissəsində su xətti səviyyəsində yerləşən polad lövhələr qaynaq edilib.
Təmir müddətində həmçinin ballast su xəttinin yararsız hissələri dəyişdirilib, PV-40/60 tipli kranın burazları barabanlardan tam açıqlaraq yoxlanılıb, sınaqdan keçirildikdən sonra yenidən sarınıb. Yükaltı və borualtı dayaqların, yanma qazanlarının, dartıcı-sıxıcı mexanizmin fundamentinin və polad buraz barabanının qüsurlu hissələri bərpa olunub, göyərtə və bucurqadlar təmizlənərək rənglənib. Taxta döşəmənin yenilənməsi ilə yanaşı, fekal nasosun elektrik mühərriki, eləcə də 3-cü və 6-cı qaynaq postlarının ventilyatorları da təmir edilib.
Bütün işlər başa çatdıqdan sonra dəniz-sınaq yürüşünə cəlb olunan gəmi sınaqları uğurla tamamlayaraq sifarişçiyə təhvil verilib.
Gəmi haqqında qısa məlumat: “Süleyman Vəzirov” borudüzən gəmisi dənizin 195 metrədək dərinliyində diametri 219–813 mm olan sualtı boru kəmərlərinin döşənməsi üçün nəzərdə tutulub. Gəminin uzunluğu 108,3 metr, eni 25,6 metrdir və o, 25 nəfərlik heyətlə istismar olunur.








