Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil müəssisələrinin tələbələri arasında “Materiallar müqaviməti” fənni üzrə keçirilən Ümumrespublika Olimpiadasına yekun vurulub.
Denizxeber.az bildirir ki, ölkənin 9 aparıcı ali təhsil müəssisəsindən ümumilikdə 53 tələbənin iştirak etdiyi bilik yarışında ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 7 tələbəsi də gücünü sınayıb. Akademiyanın təmsilçiləri mühəndisliyin əsas təməllərindən sayılan “Materiallar müqaviməti” fənninin mühüm bölmələri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər:
- Dartılma və sıxılma;
- Müstəvi kəsiyinin həndəsi xarakteristikaları;
- Dairəvi en kəsikli valların burulması.
Olimpiadanın nəticələrinə əsasən, ADDA-nın “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbəsi Qədirov Əli İlqar oğlu yüksək hazırlıq göstərərək IV dərəcəli diplomla mükafatlandırılıb. Olimpiadada iştirak edən digər 6 tələbə isə fəal iştiraka görə xüsusi sertifikatlara layiq görülüb.






