Hörmüzdəki canlanma qlobal bazarları vurdu

60

Hörmüz boğazından keçən tankerlərin sayının artması, regionda neft və neft məhsullarının daşınmasının tədricən bərpa olunması və ABŞ-İran diplomatik danışıqlarında irəliləyişlərin əldə edilməsi fonunda dünya birjalarında neft qiymətlərində ucuzlaşma tendensiyası davam edir.

Denizxeber.az bildirir ki, Londonun ICE birjasında “Brent” markalı xam neftin bir barelinin qiyməti geriləyərək 76 dollara, Nyu-Yorkun NYMEX birjasında isə “Light” (WTI) neftinin bir bareli 72 dollara qədər enib.

Təhlükəsizlik zəmanətləri və müvəqqəti dəniz dəhlizi

Analitiklərin fikrincə, tankerlərin yenidən təhlükəsiz şəkildə Hörmüz boğazından keçməyə başlaması gəmi sahibləri və sığorta şirkətləri arasında etimadın artmasından xəbər verir. Belə ki, Beynəlxalq Dəniz Təşkilatı (IMO) yüzlərlə gəminin Körfəz regionundan maneəsiz çıxmasına imkan verən xüsusi təhlükəsizlik zəmanətləri aldığını bəyan edib.

Eyni zamanda, Oman Nəqliyyat Nazirliyi bütün gəmilər üçün açıq olacaq müvəqqəti dəniz dəhlizinin yaradılması variantının IMO ilə koordinasiyalı şəkildə qiymətləndirildiyini açıqlayıb. Bu dəhlizdən istifadə etmək istəyən gəmilər birbaşa IMO vasitəsilə əlaqələndiriləcək.

Digər tərəfdən, İran və Omanın Hörmüz boğazının birgə idarə olunması və tranzit xərcləri ilə bağlı müzakirələrə başlaması rəsmi Tehranın gələcəkdə keçid üçün rüsum tətbiq edə biləcəyi narahatlığını doğursa da, rəsmi Maskat beynəlxalq dəniz hüququna və ABŞ-İran diplomatik təşəbbüslərinə uyğun olaraq keçidlərin tamamilə ödənişsiz davam etdiyini vurğulayıb.

Naviqasiya göstəriciləri bərpa olunur

Gəmi izləmə sistemlərinin mühəndis-analitik məlumatlarına əsasən, iyunun 18-22-də Hörmüz boğazından sutkalıq orta hesabla 34 olmaqla, ümumilikdə 180-ə yaxın tanker keçib. Bu, müharibədən əvvəlki naviqasiya intensivliyinin təxminən 25 faizini təşkil edir.

Müqayisə üçün qeyd edək ki, cari ilin fevralın 28-də regional hərbi münaqişə başlamamışdan əvvəl boğazdan gündəlik orta hesabla 130 ticarət gəmisi keçirdi. Müharibənin aktiv getdiyi 100 gün ərzində isə bəzi günlərdə bu göstərici 1-ə enmiş, orta sutkalıq hərəkət isə cəmi 10 gəmi ilə məhdudlaşmışdı. Nəticədə qlobal dəniz ticarətinin hərəkəti 95 faizədək azalmışdı. Hazırkı diplomatik irəliləyişlər isə bazarlardakı hərbi-taktiki risk mükafatını (geopolitical premium) sürətlə sıfırlayır.