Leyla Əliyevanın təşəbbüsü ilə növbəti ekoloji aksiya: Dübəndi sahili tullantılardan təmizləndi – FOTO

88

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakının Dübəndi yaşayış sahəsində genişmiqyaslı təmizlik aksiyası təşkil edilib.

Denizxeber.az bildirir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin (FHN) dəstəyi ilə keçirilən aksiya çərçivəsində sahilyanı əraziyə yayılmış neft tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsi işləri uğurla davam etdirilib.

Sahil zonasının ekoloji tarazlığının bərpasına yönələn bu aksiyada iştirakçıların sağlamlığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması xüsusi diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə ekoloji tədbir başlamazdan əvvəl könüllülərə və digər iştirakçılara neft tullantıları ilə davranış qaydaları, fərdi mühafizə vasitələrindən düzgün istifadə üsulları və fövqəladə hallarda görüləcək zəruri tədbirlərlə bağlı ətraflı təlimat verilib.

Aksiya gedişində dəniz sahilindən toplanan bütün növ neft tullantıları və çirklənmiş qalıqlar xüsusi nəqliyyat vasitələri ilə ərazidən uzaqlaşdırılıb və zərərsizləşdirilməsi məqsədilə müvafiq qaydada ixtisaslaşmış qurumlara təhvil verilib.

Sözügedən çirklənmə bir neçə gün öncə sualtı neft kəmərində kənar təsir nəticəsində yaranmış sızma ilə bağlı olub. Hazırda dənizdə sızmanın qarşısı tamamilə alınıb, bu cür aksiyalar isə sahilyanı ekosistemin qısa zamanda əvvəlki təmizliyinə qaytarılması məqsədini daşıyır.