Dənizə tökülən yüklər təchizat zəncirini sarsıdır

70

2025-ci ildə dənizə düşən konteynerlərin sayı ardıcıl ikinci il artaraq 1 478-ə çatıb. Bununla belə, Dünya Gəmiçilik Şurası (WSC) bildirir ki, bu göstərici qlobal konteyner daşınmasında ümumi həcm ilə müqayisədə çox cüzi pay təşkil edir.

Denizxeber.az bildirir ki, WSC-nin illik hesabatına əsasən, ötən il dünya üzrə təxminən 280 milyon konteyner daşınıb. Dənizdə itirilən konteynerlərin 640-ı Hindistan sahillərində batan “MSC Elsa 3” gəmisinin payına düşüb ki, bu da ümumi itkilərin 43 faizini təşkil edib.

2024-cü ildə dənizə 576, 2023-cü ildə isə cəmi 221 konteyner düşmüşdü ki, bu da indiyədək qeydə alınan ən aşağı göstərici idi.

WSC qeyd edir ki, konteyner itkilərinin əsas səbəbləri əlverişsiz hava və dəniz şəraiti, eləcə də yanğın hadisələridir. Təşkilat təhlükəli yüklərin düzgün bəyan edilməsi, yüklərin yerləşdirilməsi və bərkidilməsi istiqamətində yeni təhlükəsizlik tədbirlərinin tətbiq olunduğunu bildirib.

Hesabatda ilk dəfə olaraq 2025-ci ildə dənizə düşən 128 konteynerin geri qaytarıldığı da vurğulanır. WSC-nin qənaətinə görə, illər üzrə göstəricilər dəyişsə də, konteyner itkilərinin ümumi səviyyəsi uzunmüddətli perspektivdə sabit qalır və əvvəlki pik illərlə müqayisədə xeyli aşağıdır.