Suriya hökuməti ölkə limanları ilə Fars körfəzi dövlətləri arasında Hörmüz boğazından yan keçən yeni dəniz və quru nəqliyyat marşrutlarının inkişaf etdirilməsini olduqca perspektivli layihə hesab edir.
Denizxeber.az bildirir ki, bu barədə Suriyanın nəqliyyat naziri Yaarub Bader Dəməşqdə keçirilən Suriya–Britaniya Biznes Forumu çərçivəsində “The National” nəşrinə verdiyi müsahibəsində bildirib.
Nazir regional logistik layihələrin əhəmiyyətini vurğulayaraq deyib:
“Biz bu qəbildən olan hər bir təşəbbüsü müsbət qiymətləndiririk və alqışlayırıq. Beynəlxalq tərəfdaşların bu marağının yaxın gələcəkdə konkret regional layihələrə çevrilməsini səbirsizliklə gözləyirik. Suriya coğrafi mövqeyinə görə tarix boyu Şərqlə Qərbi birləşdirən ən əsas nəqliyyat qovşaqlarından biri olub”.
Yaarub Baderin sözlərinə görə, rəsmi Dəməşq bu istiqamətdə tərəfdaş ölkələrdən praktiki addımların atılmasını gözləyir. Bununla yanaşı, Suriya regional inteqrasiyanı sürətləndirmək məqsədilə daxili avtomobil və dəmir yolu infrastrukturunun bərpası və inkişafı üzrə işləri müstəqil şəkildə davam etdirir.
Nəşr xatırladır ki, layihənin iqtisadi və logistik tərəflərini formalaşdırmaq məqsədilə bir qədər əvvəl Suriyanın gömrük xidmətinin rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirib. Görüşdə Suriya limanlarının infrastruktur imkanlarının genişləndirilməsi, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi və birgə azad iqtisadi zonaların yaradılması məsələləri ətraflı müzakirə olunub.





