Fransa ilə Böyük Britaniya arasında 50 ildən artıqdır yük və sərnişin daşımaları həyata keçirən “Brittany Ferries” artan maliyyə yükü səbəbindən fəaliyyətini yenidən təşkil edəcəyini açıqlayıb.
Denizxeber.az Seanews.az-a istinadən xəbər verir ki, şirkət 2026-cı ildə Avropa İttifaqının Emissiya Ticarəti Sistemi (ETS), vergilər və COVID-19 dövründə götürülmüş kreditlərin qaytarılması ilə bağlı təxminən 27 milyon funt sterlinq (36 milyon ABŞ dolları) məbləğində əlavə xərc gözlədiyini bildirib.
Şirkətin məlumatına görə, 2024-cü ildən dəniz nəqliyyatını da əhatə edən Aİ-nin ETS sistemi gəmiçilik sektorunun maliyyə yükünü xeyli artırıb. “Brittany Ferries” qeyd edir ki, 2025-ci ildə istismara verdiyi LNG-elektrik hibrid iki yeni bərə də daxil olmaqla, donanmasını yeniləyərək La-Manş boğazının “ən ekoloji donanmasına” sahib olsa da, bu investisiyalar üçün heç bir güzəşt əldə etməyib.
Şirkət həmçinin Böyük Britaniyanın iyulun 1-dən öz emissiya ticarəti sistemini tətbiq etməyə başlamasının əlavə maliyyə təzyiqi yaradacağını vurğulayıb. Bundan başqa, şirkət Şərqi La-Manş marşrutlarında subsidiyalı rəqabəti və sərnişinlərin yaşayış xərclərinin artmasını da maliyyə vəziyyətinə mənfi təsir göstərən amillər kimi göstərib.
Xərcləri azaltmaq məqsədilə 1992-ci ildə inşa edilmiş “Barfleur” və 2007-ci ildə tikilmiş “Cotentin” bərələri satışa çıxarılacaq. Noyabrın 1-dən etibarən Pul–Şerbur marşrutu bağlanacaq, onun əvəzində Portsmut–Şerbur xətti üzrə gündəlik reyslər təşkil ediləcək.
Şirkət həmçinin Portsmut–Havr marşrutunu da oktyabr ayından bağlamağı nəzərdən keçirir. Rəhbərlik bunu Diepp–Nyuheven xəttində dövlət tərəfindən subsidiyalaşdırılan rəqabətlə əlaqələndirərək, mövcud şəraitdə marşrutun iqtisadi cəhətdən səmərəli olmadığını bildirib.
“Brittany Ferries” müştərilər üçün yaranacaq narahatlıqları minimuma endirməyə və zəruri hallarda ödənişlərin geri qaytarılmasını təmin etməyə çalışacağını, lakin dəyişən iqtisadi şəraitə uyğunlaşmağın qaçılmaz olduğunu vurğulayıb.





