İran ilə ABŞ arasında Hörmüz boğazında yaşanan hərbi-siyasi gərginlik fonunda rəsmi Tehran strateji su yolu ilə bağlı kəskin bəyanatlarla çıxış etməyə davam edir.
Denizxeber.az bildirir ki, İran parlamentinin deputatı Həsən Qaşqavi ölkəsinin boğazdakı hərəkətlərini və son hərbi addımlarını müdafiə edib.
İranlı deputat qeyd edib ki, Tehranın Hörmüz boğazında həyata keçirdiyi tədbirlər beynəlxalq hüquq normalarına tamamilə uyğundur. ABŞ-ın İrandakı hədəflərə endirdiyi son zərbələri pisləyən H.Qaşqavi, Vaşinqtonun bu hərəkətlərinin BMT Nizamnaməsinin prinsiplərinə tamamilə zidd olduğunu vurğulayıb:
“Biz hər zaman dost qonşularımızla, xüsusən də Omanla əməkdaşlığa və dialoqa hazırıq, lakin bu danışıqlar suverenlik hüququndan imtina etmək demək deyil”.
Həsən Qaşqavinin sözlərinə görə, Hörmüz boğazının idarə olunması və təhlükəsizlik arxitekturası ilə bağlı vəziyyət artıq əvvəlki status-kvoya qayıtmayacaq. O, regiondakı dəniz yollarına nəzarətin Tehranın əlində qalacağını iddia edib.“İdarəetmənin Omanla əməkdaşlıq çərçivəsində, yoxsa müstəqil şəkildə həyata keçirilməsindən asılı olmayaraq, bu su yoluna nəzarət İranın səlahiyyətində olacaq”.
Xatırladaq ki, regionda hərbi vəziyyət ABŞ hərbçilərinin bazar gününə keçən gecə İran ərazisində yerləşən təxminən 140 hərbi hədəfə hava və raket zərbələri endirməsindən sonra kritik həddə çatıb. Buna cavab olaraq İran tərəfi İordaniya, Küveyt, Bəhreyn və Qətərdə yerləşən Amerika hərbi obyektlərinə və bazalarına raket, həmçinin pilotsuz uçuş aparatları (PUA) ilə silsilə hücumlar təşkil edib.
Hazırda dünyanın ən böyük neft daşınması marşrutlarından olan Hörmüz boğazında kommersiya gəmilərinin hərəkəti tamamilə dayandırılıb və qlobal logistika şirkətləri böhranın gedişatını diqqətlə izləyir.





