Denizxeber.az bildirir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki və 3-cü Ordu Korpusunun artilleriya rəisi İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucalmasından altı il keçir.
İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub və orta təhsilini orada alıb. Ali hərbi təhsilini başa vurduqdan sonra 1998-ci ildən orduda xidmətə başlayan İ.Mirzəyev taqım və batareya komandirliyindən korpusun artilleriya rəisi vəzifəsinədək şərəfli xidmət yolu keçib. O, 2012-ci ildə polkovnik hərbi rütbəsini alıb.
Hərbi xidməti dövründə İlqar Mirzəyev bir sıra mühüm döyüşlərdə fərqlənib:
- Aprel döyüşləri (2016): “N” saylı hərbi hissənin komandiri kimi Tərtər və Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında düşmənin keçilməz hesab olunan “Ohanyan səddi” 40 dəqiqə ərzində darmadağın edilib, qısa müddətdə strateji nöqtələr azad olunub.
- Tovuz döyüşləri (2020): 2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətində başlayan dövlət sərhədindəki gərgin toqquşmalarda düşmən hədəflərinin dəqiq artilleriya zərbələri ilə məhv edilməsinə rəhbərlik edib.
Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Şəhid polkovnik Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Qəhrəman zabitimizin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qalıb.





