İyulun 18-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü tamam olur.
Denizxeber.az bildirir ki, agentlik 1998-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsis edilib. Prezident İlham Əliyevin 2021-ci il tarixli Fərmanı ilə isə quruma publik hüquqi şəxs statusu verilib. ANAMA-nın əsas missiyası işğaldan azad edilmiş əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləməkdir.
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra agentliyin maddi-texniki bazası gücləndirilib və fəaliyyətə qadın minatəmizləyənlər də cəlb olunub. Görülən işlər nəticəsində indiyədək 287 min 385 hektar ərazi minalardan təmizlənib. Əməliyyatlar zamanı ümumilikdə 255 min 200 partlayıcı vasitə, o cümlədən 42 min 235 piyadaəleyhinə və 23 min 868 tankəleyhinə mina tapılaraq zərərsizləşdirilib.
Hazırda ANAMA Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda müasir texnologiyalar və xüsusi təlim keçmiş itlərin köməyi ilə təmizləmə işlərini fasiləsiz davam etdirir.





