İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başladığı bu əlamətdar gündən 151 il ötür.
Denizxeber.az bildirir ki, çar rejiminin təzyiqlərinə və böyük risklərə baxmayaraq işıq üzü görən “Əkinçi” təkcə ilk ana dilli mətbu orqan deyil, həm də xalqın maariflənməsinə və milli oyanışına təkan verən tarixi dönüş nöqtəsi oldu. Cəmi iki il fəaliyyət göstərən və 56 nömrəsi nəşr olunan qəzet bütöv bir dövrün güzgüsünə çevrildi.
Milli mətbuatımız müxtəlif dövrlərdə çətinliklərlə üzləşsə də, xalqın ruhunu və mübarizəsini ifade etməyə davam edib:
- Söz azadlığının bərqərar olması: 1998-ci ildə senzuranın ləğvi ilə mətbuat azad düşüncənin və milli kimliyin daşıyıcısına çevrildi.
- Informasiya cəbhəsinin qəhrəmanları: 2020-ci ilin 44 günlük Vətən müharibəsində jurnalistlərimiz ön cəbhədə böyük risklərə gedərək Zəfər tariximizin canlı şahidləri və informasiya mübarizəsinin qəhrəmanları oldular.
Dövlət başçısının təsdiq etdiyi Qanunla “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı təsis olunub. Müvafiq əsasnaməyə uyğun olaraq, media sahəsinin inkişafında xüsusi xidmətləri olan, səmərəli fəaliyyət gösterən və mətbuatla əməkdaşlıqda fərqlənən şəxslər bu medal ilə təltif edilirlər.
“Denizxeber.az” kollektivi olaraq bütün həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!





