ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının giriş və çıxışına tam nəzarət etməsinə dair yaydığı məlumatları təkzib edib.
Denizxeber.az bildirir ki, CENTCOM mövzu ilə bağlı rəsmi bəyanat yayıb.
Bəyanatda vurğulanıb: “Bu məlumat yalandır. İran Hörmüz boğazına nəzarət etmir. Beynəlxalq dəniz yolu SEPAH-ın təhdid və hücumlarına baxmayaraq, tranzit üçün açıq qalır”.
Açıqlamada qeyd olunub ki, SEPAH gəmiləri boğazdan yalnız özünün müəyyən etdiyi marşrutla keçməyə məcbur etməyə çalışır. Lakin ticarət gəmiləri ABŞ ordusunun dəstəyi ilə boğazdan istifadəni davam etdirirlər. Məlumata əsasən, may ayının əvvəlindən bəri ABŞ qüvvələri 900-dən çox gəminin dəniz yolundan təhlükəsiz keçidini təmin edib.
Xatırladaq ki, bundan əvvəl İran hərbi komandanlığı Oman sahilləri yaxınlığından — Hörmüz boğazından keçən cənub marşrutunun minalandığını bəyan etmişdi.





