Strateji transformasiya

57

Bəzən dövlət başçılarının xarici səfərlərinin əsl nəticəsi imzalanan sənədlərdə deyil, dəyişən geoiqtisadi xəritədə görünür. Prezident İlham Əliyevin Almaniyaya səfərini də yalnız diplomatik hadisə kimi deyil, Azərbaycanın Avropa iqtisadiyyatında mövqeyini dəyişdirən strateji addım kimi qiymətləndirmək lazımdır.

Denizxeber.az bildirir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, qloballaşmanın əvvəlki modelinin parçalandığı, tədarük zəncirlərinin yenidən qurulduğu bir dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində zəruri tərəfdaşa çevrilib. Azərbaycan qazının Avropanın en böyük iqtisadiyyatı olan Almaniya bazarına daxil olması ölkəmizin strateji enerji təminatçısı kimi qəbul edilməsinin göstəricisidir.

Komitə üzvü xüsusilə vurğulayıb ki, XXI əsrdə texnologiya, logistika və innovasiya da enerji resursları qədər strateji əhəmiyyət kəsb edir:

Almaniya kimi güclü sənaye ekosisteminə malik ölkə ilə əməkdaşlıq Azərbaycana yüksək texnologiyaların, biliklərin və yeni istehsal mədəniyyətinin gəlməsinə şərait yaradır. Esas məqsəd enerji gəlirlərini texnoloji inkişafın maliyyə mənbəyinə çevirməkdir.

Azərbaycan artıq sadəcə tranzit ölkəsi deyil, dəhliz ətrafında logistika mərkəzləri, sənaye zonaları və rəqəmsal xidmətlər formalaşdıraraq tranzitdən əlavə dəyər yaratmağı hədəfləyir.

Avropaya qaz ixrac etməklə yanaşı, Xəzər dənizinin külək potensialının gələcəyin enerji bazarına çıxarılması Azərbaycanın gələcək iqtisadiyyatına edilən mühüm sərmayədir.

“Səfərin əsas mesajı bir cümlədə ifadə oluna bilər: Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi arxitekturanın fəal iştirakçısına çevrilir. Almaniya kimi bir dövlətlə strateji münasibətlər ölkəmizə olan beynəlxalq investor etimadını daha da möhkəmləndirir”.