Qara dənizdə gərginlik artır

159

Ukraynanın Qara dənizdəki limanlarına gəmilərin girişi müvəqqəti olaraq dayandırılıb. Bu barədə ölkənin aqrar siyasət və ərzaq naziri Taras Vısotski məlumat verib.

Denizxeber.az bildirir ki, nazir bu addımın hökumət tərəfindən deyil, liman infrastrukturuna Rusiya hücumlarının artması fonunda birbaşa gəmi sahibləri tərəfindən atıldığını bildirib:

“Bu gündən etibarən gəmilərin girişi dayandırılıb. Bu, gəmi sahiblərinin qərarıdır, Ukrayna heç nəyi məhdudlaşdırmayıb”.

T. Vısotski Ukraynanın kifayət qədər məhsul saxlamaq imkanına və alternatif logistik marşrutlara malik olduğunu qeyd edib.

Gəmilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıq beynəlxalq logistika şirkətlərinin qərarlarında özünü göstərir. Danimarkanın nəhəng “Maersk” şirkəti Ukrayna limanlarına yanaşmanı dayandırdığını və yüklərini Rumıniyanın Konstansa limanına yönləndirəcəyini elan edib.

Məsələ ilə bağlı tərəflər bir-birini ittiham edib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hücumların qlobal ərzaq təhlükəsizliyinə ciddi zərbə vurduğunu bəyan edib. Kremlin sözçüsü Dmitri Peskov isə Kiyevə silah və sursat daşıyan gəmilərə zərbələr endirməyə davam edəcəklərini bildirib.