Qara dənizdə Türkiyə bayrağı altında üzən “Mv Reyhan Sari” adlı quru yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Denizxeber.az bildirir ki, kömür yüklü gəmi Rusiyanın Taman limanından Türkiyənin Trabzon limanına doğru hərəkət edərkən hədəf alınıb.
Gəminin sahibi olan “T&O Shipping Co. Ltd.” şirkəti bildirib ki, insident nəticəsində ekipaj üzvlərindən biri həlak olub, iki dənizçi isə yaralanıb. Yaralılar helikopterlə dərhal sahilə təxliyə ediliblər.
Hücum zamanı zədələnən gəmi öz gedişi ilə Samsun limanına çatmağı bacarıb.





