Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı embarqo elan etməsindən sonra Bab əl-Məndəb boğazında ticarət gəmilərinin hərəkəti 56 faiz azalıb.
Denizxeber.az-ın “The National” qəzetinə istinadən verdiyi məlumata görə, “Kpler” analitik şirkətinin göstəriciləri iyulun 26-da boğazdan cəmi 15 yük gəmisinin keçdiyini ortaya qoyub. Halbuki iyulun 20-də blokadanın elan edildiyi gün bu rəqəm 34 gəmi təşkil edib. Daşımalar əsasən neft, taxıl və gübrə yüklərindən ibarət olub.
Gəmiçilikdəki kəskin azalma husilərin Səudiyyə Ərəbistanının Cizan və Yanbu şəhərlərində yerləşən “Saudi Aramco” obyektlərinə təşkil etdiyi hücumlar fonunda qeydə alınıb.
Bununla yanaşı, nəşr ABŞ və İran arasında qarşılıqlı hərbi gərginliyin səngiməsindən sonra iyulun 26-da Hörmüz boğazında gəmi hərəkətinin yenidən artmağa başladığını diqqətə çatdırıb.





