Akvatoriyada gərginlik

124

Böyük Britaniyanın müxalifətdə olan Mühafizəkarlar Partiyasının kölgə daxili işlər naziri Kris Filp La-Manş boğazında Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin onun olduğu gəminin yaxınlığında xəbərdarlıq atəşi açdığını bildirib.

Denizxeber.az bildirir ki, siyasətçi bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. K. Filp BBC-yə müsahibə verərkən Fransa hərbi gəmisinin yaxınlaşaraq əvvəlcədən heç bir xəbərdarlıq etmədən 17 dəfə atəş açdığını və bunun onları qorxutmaq məqsədi daşıdığını qeyd edib. “Sky News” telekanalı Böyük Britaniya hökumətinin insidentin təfərrüatlarını öyrənmək üçün Fransa tərəfi ilə əlaqə saxladığını bəyan edib.

Britaniyalı deputat Fransanı La-Manş boğazı vasitəsilə qanunsuz miqrasiyanın qarşısını almaq üçün yetərli addımlar atmamaqda ittiham edib. Qeyd edək ki, 2018-ci ildən bəri 205 mindən çox qanunsuz miqrant La-Manşı keçərək Krallığa daxil olub. Cari ilin aprelində London və Paris sərhəd nəzarətinin gücləndirilməsi məqsədilə 660 milyon funt-sterlinqlik saziş imzalasalar da, bölgədə gərginlik davam edir.